Brona standartı

Bu nişanı daşıyan evi şəxsən yoxlamışıq, şəkillərini özümüz çəkmişik və hər qonaqdan əvvəl siyahı üzrə hazırlanmasına nəzarət edirik — hazırlıq foto ilə sənədləşdirilir və bizim təsdiqimizdən keçmədən rezervasiya açılmır. Standartın pozulduğu halda nə edəcəyimiz aşağıda konkret yazılıb.

Bir

Ev elana çıxmazdan əvvəl

Bu maddələrin hamısı yerinə yetirilməyincə ev elanlarda görünmür.

Evi şəxsən görürük

Heç bir ev uzaqdan qəbul edilmir. Komandamız yerinə gedir, otaqları, sanitar qovşağı, həyəti və giriş yolunu yoxlayır.

Şəkilləri özümüz çəkirik

Elandakı şəkillər ev sahibindən alınmır — biz çəkirik. Hər otaq, mətbəx, sanitar qovşaq və həyət daxildir. Real vəziyyəti gizlədən bucaq və ya süni işıqlandırma işlədilmir.

Elanda yazılan hər şey yoxlanılır

Qonaq tutumu, otaq sayı, hovuz, manqal, isitmə — hamısı yerində təsdiqlənir. Təsdiqlənməyən imkan elanda göstərilmir.

İnternet ölçülür

Wi-Fi sürəti yerində ölçülür və elanda göstərilir. İnterneti olmayan ev bu barədə açıq yazılmadan elana çıxmır.

Təhlükəsizlik minimumu

İşlək yanğınsöndürən, ilk yardım qutusu, qazanxana və elektrik lövhəsinin vəziyyəti yoxlanılır. Qaz cihazı olan evlərdə sızma yoxlaması aparılır.

Giriş yolu qeyd olunur

Evə çıxan yolun vəziyyəti yazılır: adi avtomobil qalxırmı, qış aylarında keçilirmi. Yol çətindirsə, elanda birinci sətirdə görünür.

İki

Hər qonaqdan əvvəl

Ev bir dəfə deyil, hər rezervasiyadan əvvəl yenidən hazırlanır — və hər dəfə eyni qaydada yoxlanılır.

Hər evin öz hazırlıq planı var

Ev auditdən keçəndə onun üçün fərdi yoxlama siyahısı tərtib olunur: hansı otaq, hansı avadanlıq, nəyə diqqət. Hazırlıq həmin siyahı üzrə aparılır — yaddaşdan yox.

Hər bənd şəkillə sənədləşdirilir

Yataq, hamam, mətbəx, həyət — hər biri hazırlıqdan sonra şəkilə alınır. Şəkillər mobil tətbiqdən çəkilir və tarix-saat damğası daşıyır, qalereyadan köhnə şəkil yükləmək mümkün deyil.

Rezervasiya təsdiqsiz açılmır

Şəkillər Brona-ya gəlir və biz siyahı ilə tutuşdururuq. Nəyisə görməsək və ya qaneedici saymasaq, hazırlıq yenidən aparılır. Siz yalnız təsdiqlənmiş evə gəlirsiniz.

Yataq dəsti möhürlə bağlanır

Yuyulmuş çarşab və dəsmal dəsti kağız bantla möhürlənir. Bant açılmayıbsa, o dəstə sizdən əvvəl heç kim toxunmayıb.

Qonaq dəsti hər qalmada yenilənir

Sabun, şampun, diş fırçası, tualet kağızı və təmiz dəsmallar hazır olur. Dəsti biz təchiz edirik — hər Brona evində eynidir.

Nasazlıq qonaqdan əvvəl bağlanır

Əvvəlki qonaqdan qalan hər hansı qeyd (sınıq, işləməyən cihaz) siz gəlməzdən əvvəl həll olunur və ya elanda açıq göstərilir.

Üç

Sözümüzdə durmasaq

Zəmanət qalma müddətində, evdə olduğunuz vaxt işləyir — bunun üçün mübahisə etmək, sübut toplamaq lazım deyil. Bizə zəng edin, qalanını biz edək.

Ev şəkillərdən əsaslı fərqlənir
Eyni gün ərzində eyni bölgədə uyğun ev tapırıq. Tapılmasa — ödənişin tamamı qaytarılır.
Ev təmiz deyil
Dörd saat ərzində həll edirik. İstəməsəniz, təmizlik haqqı dərhal geri qaytarılır və hadisə evin qeydinə yazılır.
Su, işıq və ya isitmə yoxdur
Problem həll olunmayan hər gecə üçün ödəniş qaytarılır.
Elanda göstərilən imkan işləmir
Hovuz, sauna, manqal — işləmirsə, həmin imkanın qiymətə payı qaytarılır.

Zəmanət Brona vasitəsilə edilən və ödənişi tamamlanmış rezervasiyalara aiddir. Qonağın özünün yaratdığı zərər, hava şəraiti və ya rayon üzrə ümumi elektrik/su kəsintiləri bu siyahıya daxil deyil.

Evinizi bu standartla idarə edək

Elan, qiymət, təqvim, rezervasiya və ödəniş bizim üzərimizdədir. Hazırlığı siz aparırsınız, biz isə standartın gözlənilməsinə nəzarət edirik.

Müraciət et

← Standartı daşıyan evlərə bax